Partiyadaxili qruplaşmalar qurultayın təxirə salınması üçün yenidən fəaliyyətə başlayıblar
Xəbər verildiyi kimi, Müsavat Partiyasının sentyabr ayına planlaşdırılan qurultayı üçün yer müəyyənləşdirilib. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti partiyanın qurultayla bağlı müraciətinə cavab verib və tədbirin keçirilməsi üçün Səttar Bəhlulzadə adına Mədəniyyət Evi təklif olunub. Qeyd edək ki, artıq xeyli müddətdir Müsavat Partiyası sözügedən Mədəniyyət Evində qurultay keçirməkdən boyun qaçırır.
Ancaq aydındır ki, partiyanın yer məsələsi ilə bağlı apardığı spekulyativ oyunlar qurultayın keçirilməməsinə hesablanıb. Belə ki, İsa Qəmbər bu tip manevrlərlə ən azından 2015-ci ilin parlament seçkilərinə qədər sədr kürsüsündə qalmaq niyyətindədir. Amma son proseslər bu partiyada uzun müddətdir davam edən sədrlik qovğasının kulminasiya nöqtəsinə çatmaqda olduğuna işarə edir. Çünki İsa Qəmbərin öz kürsüsünü əldən vermək istəməməsi, qarşı tərəfin isə bu məsələdə dirəniş göstərərək onu sədrlikdən uzaqlaşdırmaq istəyi, o cümlədən, partiyadaxili qruplaşmaların apardıqları amansız mübarizə əməlli-başlı qalmaqal yaradıb. Sirr deyil ki, “Müsavat” daxilində olan qruplaşmalar birmənalı şəkildə bir-birlərini qəbul etmirlər. Hətta avqust ayında keçirilən toplantıda bu gün başqanlıq uğrunda əsas rəqiblərdən sayılan Qubad İbadoğlu ilə Arif Hacılının qarşılıqlı ittihamları da çox şeydən xəbər verir. Görünən odur ki, bu gün ələ düşən fürsətdən yetərincə istifadə edən bu qruplaşmalar öz münasibətlərinə sonuncu dəfə aydınlıq gətirmək istəyirlər. Yəni, seçki baş tutacağı təqdirdə məğlub tərəfin partiyadan uzaqlaş(dırıl)acağı hər kəsə bəllidir.
Yeri gəlmişkən, qeyd edək ki, qrupdaxili savaşda yeni adlar peyda olmaqdadır. Məsələn, Müsavat Partiyasının Divan üzvü, keçmiş millət vəkili İkram İsrafil partiyanın gələcək strukturlaşmasında vəzifə tutmaq istədiyini dilə gətirib. Dolayısı yolla da olsa buna haqqının olduğunu söyləyən İ.İsrafil partiya başqanı seçimində açıq şəkildə Arif Hacılının tərəfində olduğunu bildirib. Bu isə bir daha onu təsdiqləyir ki, artıq qruplararası vəzifə bölgüləri də aparılıb. Yəni, qurultayla Müsavat Partiyasının bir neçə yerə parçalanması eyni anda baş verəcək. Məhz bu amili hər kəsə nümayiş etdirən başqan İ.Qəmbər qurultayın təxirə salınması üçün bütün gücünü səfərbər edib. “Müsavat”da illərdir təxirə salınan qurultay və yeni sədr seçkisi ilə bağlı müəyyən məqamlarda təxribata, hətta şantaja əsaslanan müzakirələr artıq iki istiqamət üzrə inkişaf edir. Özünü seçkidə sınamaq istəyən şəxslər İ.Qəmbərdən nizamnaməyə riayət etməsini tələb edirlər. Dilemma qarşısında qalan İ.Qəmbər isə özünə yaxın insanlar vasitəsilə nizamnamənin dəyişdirilməsinə nail olmaq niyyətindədir.
Son proses və açıqlamalar isə onu deməyə əsas verir ki, İ.Qəmbər partiya daxilində yenidən öz “oyununu oynamağa” başlayıb. Belə ki, hələ bir müddət öncədən ayrılacaq yerin onları razı salmayacağı təqdirdə qurultayı təxirə salacaqlarını bildirən və İ.Qəmbərin qalmasını arzulayan partiya funksionerləri artıq sosial şəbəkələrdə bu məsələni müzakirə obyektinə çevirmək niyyətindədirlər. Belə demək mümkündürsə, min bir manevrlə qurultaydan “yaxa qurtarmaq” istəyən İ.Qəmbər yenidən köhnə oyunlara baş vurur. Təbii ki, İsa Qəmbər qurultayın baş tutacağı təqdirdə nələrə əlvida demək məcburiyyətində qalacağını yaxşı bilir.
Birincisi, partiyada hansı tərəfin qələbə çalmasından asılı olmayaraq, digər qruplaşma “Müsavat” sıralarını tərk edəcək. Hətta bununla bağlı proqnoz verənlər də parçalanmanı istisna etmirlər. Məsələn, partiyanın keçmiş funksionerlərindən olan Qabil Hüseynli bildirib ki, hansı namizədin qələbə çalmasından asılı olmayaraq, partiyada parçalanma baş verəcək. Amma bu parçalanmanın miqyası kimin başqan seçilməsindən asılı olacaq.
Bir sözlə, Müsavat Partiyasının qurultayını keçirmək üçün yer davası aparması, təklif olunan yerləri bəyənməməsi, əslində, sadəcə vaxtı uzatmaq və qurultayı təxirə salmaq üçün hesablanıb. Bir zamanlar “kütləvi aksiya” keçirmək üçün yalnız şəhərin mərkəzini istəyən partiya indi də eyni yolla gedir. Yəni, necə ki, Müsavat Partiyası, əslində, aksiya keçirməmək üçün təklif olunan yerlərə getmirdisə, indi də qurultay keçirməmək üçün təklif olunan ünvanlara etiraz edir.
Pərviz Sadayoğlu
yeniazerbaycan.com
|